Fransa idmançısı Türkiyədə keçirilən qitələrarası velosiped yarışının qalibi olub


On iki ölkədən iştirakçıların qatıldığı 56-cı Prezident Administrasiyası Türkiyə Velosiped Turunun qalibi Fransanın “Delko” komandasının İspaniya əsilli idmançısı Jose Manuel Diaz Gallego olub.

PAŞATv xəbər verir ki, Türkiyə Velosiped Federasiyası tərəfindən 1963-cü ildə “Mərmərə turu” adı ilə start verilən dünyanın yeganə qitələrarası velosiped yarışı bu il aprelin 11-də Nevşehir vilayətində başlayıb. Yarış aprelin 18-də Aydın vilayətində başa çatıb.

Türkiyənin Nevşehir vilayətinin Kapadokya bölgəsindən başlayan turda idmançılar 1347 kilometrlik məsafəni qət ediblər.

Rusiya, ABŞ, İsrail, Belçika, İtaliya, İspaniya, Fransa, Norveç, Hollandiya, Qazaxıstan, İsveçrə və Malayziyadan yarışa qatılan idmançılar Türkiyənin əsas turizm bölgələrindən keçərək, ölkənin gözəllikləri ilə tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, Velosiped Dostu Qonaqlama Sertifikatı və “Təhlükəsiz Turizm Sertifikat Proqramını tətbiq edən Türkiyədə ötən il pandemiya səbəbindən təxirə salınan velosiped turu bu il pandemiya ilə bağlı ciddi qabaqlayıcı tədbirlər görülməklə keçirilib.(AZƏRTAC)