Azərbaycanın gələcək inkişafına əhatəli baxış!

Müzəffər Prezidentimiz cənab İlham Əliyev 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin sosial-iqtisadi inkişafı, regional siyasət, beynəlxalq əməkdaşlıq və gələcək planlar barədə ətraflı məlumat təqdim etdi.
Müsahibə, Azərbaycan xalqı üçün 2024-cü ilin uğurlarını dəyərləndirmək və qarşıdakı ilin prioritetlərini müəyyən etmək baxımından vacib idi. Ölkə başçısı ötən ilin Azərbaycan iqtisadiyyatı üçün müsbət nəticələr verdiyini vurğuladı. 2024-cü ildə ümumi daxili məhsulun (ÜDM) 4 faizdən çox artması və qeyri-neft sektorunun inkişaf tempinin 6 faizi keçməsi ölkə iqtisadiyyatın diversifikasiyası baxımından vacib amil idi. Möhtərəm Prezident son illərdə Azərbaycanın iqtisadi strategiyasının qeyri-neft sektorunun inkişafı üzərində qurulduğunu, həyata keçirilən işlər nəticəsində bu istiqamətdə böyük irəliləyişlər əldə edildiyini qeyd etdi. Müsahibənin mərkəzi mövzularından biri doğma Qarabağımızda həyata keçirilən bərpa işləri idi. Qeyd edək ki, ötən dörd il ərzində işğaldan azad edilmiş ərazilərdə mühüm infrastruktur layihələri reallaşdırılıb. Yol, elektrik enerjisi, su təchizatı kimi əsas infrastrukturlar yenidən qurulub, yeni məktəblər, xəstəxanalar və sosial obyektlər tikilib. Hazırda da “Böyük Qayıdış” proqramı çərçivəsində vətəndaşların doğma yurdlarına köçürülməsi prosesi uğurla davam edir. Bu, Azərbaycan dövlətinin sülh və inkişaf siyasətinin prioritetlərindən biridir.
Cənab Prezident 2025-ci ildə ölkənin inkişaf strategiyasının əsas istiqamətlərin əsasən kənd təsərrüfatı, turizm, texnologiya və innovasiya sahələrində yeni layihələrin icra olunması olduğunu qeyd etdi. Enerji təhlükəsizliyi və bərpa olunan enerji sahəsində yeni layihələrin həyata keçirilməsi də Ölkə başçısının müsahibəsinin əsas mövzularından biri oldu. Bu gün Azərbaycanın, həm daxili enerji tələbatını ödəmək, həm də ixrac imkanlarını genişləndirmək üçün yaşıl enerji layihələrinə böyük investisiya yatırdığı məlumdur. Bu sahənin gələcəkdə də əsas prioritet istiqamətlərdən biri olacağı elan edildi.
Azərbaycanın xarici siyasəti barədə danışan Cənab İlham Əliyev, ölkənin müstəqil və balanslı siyasət yürütməyə davam edəcəyini bildirərək, qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı və Azərbaycanın regional təhlükəsizlikdə oynadığı rola toxundu. Bir sözlə Ölkə başçısı yerli televiziyalar verdiyi 7 yanvar 2025-ci il tarixli müsahibəsi ilə Azərbaycanın gələcək inkişafına dair əhatəli bir yol xəritəsi təqdim etdi. Xalqımız bir daha Müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha güclü və firavan bir gələcəyə doğru inamla irəlilədiyinin şahidi oldu.
Şəkəralı İsmayılov;
Neftçala rayonu, Vətən Müharibəsi iştirakçısı

Admin
















