Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” sözləri hər kəsin həyat devizinə çevrildi

"Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır" Ümummilli lider Heydər Əliyev bu sözləri onun gənc nəslə olan inamının bariz nümunəsi olmuşdur. Ulu Öndər Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.
Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Buna görə də Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qaydışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər.
1988-ci ildən 1993-cü ilə qədər ölkə gəncliyi ictimai-siyasi proseslərdən kənarda qalmışdı, onun potensialı lazımınca qiymətləndirilmirdi. Ölkədə gənclər siyasəti demək olar ki, unudulmuşdu. Həmin dövürdə qeyri-sağlam ictimai-siyasi vəziyyət təhsil sisteminin iflic hala düşməsinə gətirib çıxarmış gəncliyin başlı-başına buraxılması onlarda sabaha inam hissinin itirilməsinə səbəb olmuşdu. Müxtəlif qrupların hakimiyyət uğrunda çəkişmələrində yeniyetmələrin potensialından sui-istifadə halları gəncliyin mənəvi-psixoloji böhran vəziyyətinə düşməsi ilə nəticələnmişdi. Lakin, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən
sonra bu vəziyyət kökündən dəyişdi. Belə bir məqamda hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ilk görüşünün məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” -sözləri hər kəsin həyat devizinə çevrildi. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur
Ulu öndərimiz Heydər Əliyevin gənclər sahəsində həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi.
1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və Ulu Öndər tədbirdə şəxsən iştirak edib.1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət sənədləri o dövr üçün çox əhəmiyyətli və lazımi olmuşdur.
2 mart 1999-cu il tarixdə Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında ulu öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verib. "XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız" deyən ümummilli lider gəncləri gələcək inkişafımızın möhkəmlənməsində və dövlət quruculuğunda fəal iştirakçı kimi qiymətləndirirdi.
Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur.
Bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.
Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb və gələcəyə daha ümidlə baxmağa sövq edib.
Həmid Nəsirov,
2-ci dərəcə dövlət qulluqçusu,
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi.


















