Zaqrebdə müasir Azərbaycan filmləri həftəsi təşkil edilib.

Xorvatiyanın Zaqreb şəhərindəki “Tuşkanac” kinoteatrında müasir Azərbaycan filmləri həftəsi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən PAŞATv-ə bildiriblər ki, tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Xorvatiya üzrə koordinatoru Renad Yüzbəyovun “Azərbaycan filmləri Balkanlarda” layihəsi çərçivəsində baş tutub. Həftə ərzində “Nabat” (rejissor Elçin Musaoğlu), “Nar bağı” (rejissor İlqar Nəcəf), “Mövsümün sonu” ( rejissor Elmar İmanov), “Axınla aşağı” (rejissor Asif Rüstəmov) və digər filmlər nümayiş olunub.
Qeyd edək ki, Xorvatiyanın https://www.jutarnji.hr xəbər portalında bu hadisəyə həsr olunmuş “Gənc cütlük Azərbaycanı Zaqrebin “Tuşkanac” kinoteatrının ekranına necə gətirdi?” sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə xorvatların müasir Azərbaycan kinosu ilə tanış olması ideyasının yaranma səbəblərinə aydınlıq gətirilib. İki il önçə Xorvatiyada məskunlaşmağı qərara alan Renad Yüzbəyovun Elvira Çamdjiçlə birlikdə ideyanı gerçəkləşdirdikləri, həftə ərzində nümayiş olunan 9 tammetrajlı və qısametrajlı filmlər barədə məlumat verilib.


















