BDU alimlərinin informasiya təhlükəsizliyinin hüquqi tənzimlənməsinə dair məqaləsi beynəlxalq jurnalda dərc olunub

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev, fakültənin əməkdaşları Gülnaz Rzayeva və Aytəkin İbrahimovanın həmmüəllif olduğu məqalə “Web of Science” və “Scopus” bazalarına daxil olan “Journal of Information Science” jurnalında dərc olunub.
BDU-dan PAŞATv-a bildirilib ki, ingilis dilində olan “İnformasiya təhlükəsizliyi: Azərbaycanda və xaricdə hüquqi tənzimləmə” adlı məqalədə Azərbaycanın və digər ölkələrin kibertəhlükəsizlik siyasəti və hüquqi tənzimləmələrin müqayisəli təhlili aparılıb. İnformasiya təhlükəsizliyinin hüquqi və texnoloji vasitələrlə təmin edilməsinin bir sıra aspektləri, habelə bəzi məlumat kateqoriyalarının təhlükəsizliyinin təmin edilməsinin spesifik xüsusiyyətləri vurğulanıb. Hər iki istiqamətdə tövsiyələr və nəticələr təqdim olunub.
Q2 və Q3 kateqoriyalı jurnallar siyahısına daxil olan, eləcə də Nəşriyyat Etikası Komitəsinin (COPE) üzvü olan jurnalın impakt faktoru 2.410-dur.


















