COP29 göstərdi ki, Azərbaycan beynəlxalq miqyasda özünəməxsus siyasət aparır
Ölkəmiz bir ildən də az müddətdə hazırlaşdığı COP29-a ən yüksək səviyyədə ev sahibliyi etməklə beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edə bildi. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan bu mötəbər tədbirin rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri hazırlıq işlərini vaxtında yerinə yetirdi.
Əminliklə deyə bilərik ki, COP29 ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un yüksək səviyyədə təşkil olunması ilə bağlı qonaqların səsləndirdiyi fikirlər vətəndaş olaraq hər birimizi qürurlandırdı.
Ölkəmizin çox ciddi şəkildə hazırlaşıb, məsuliyyətlə başlayıb, uğurla yekunlaşdırdığı bu möhtəşəm beynəlxalq tədbir dövlətimiz üçün əhəmiyyətli, xalqımız üçün isə səmərəli oldu. İqlim diplomatiyası sahəsində önəmli olan bu konfrans, həm də dünyada dayanıqlı və “yaşıl” gələcək qururlmasına zəmin yaratdı. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək, danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı.
Ölkəmiz tədbirin ilk günündən Dövlət başçımızın dilindən inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Bu faktdır ki, sadaladığımız dövlətlər iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər.
COP29 ərzində eyni zamanda müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirildi. Sevindiricidir ki, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün var qüvvəsi ilə çalışdı. Sevindiricidir ki, ölkəmizin səyləri özünü əməli işdə gösrtərdi və dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Dünyamiqyaslı bu konfransın ölkəmizdə keçirilməsi Azərbaycan üçün əhəmiyyətli bir hadisə olmaqla yanaşı, müxtəlif sahələrdə tərəqqi əldə etməyimiz üçün də yeni imkanlar yaradır.
Cənab İlham Əliyev konfransın ölkəmiz üçün əhəmiyyətini xüsusi vurğulayaraq, bunun iqtisadiyyatımızın “yaşıl” texnologiyalara keçidinə,enerji sektorunda bərpaolunan mənbələrə üstünlük verilməsinə təkan verəcəyini diqqətə çatdırmışdır. COP29, həm də bir çox ilklərlə yadda qaldı. Belə ki, ilk dəfədir COP-lar tarixində hərbi fəaliyyətin iqlimə zərər vuran, emissiya yaradan bir fəaliyyət kimi təsbit olunması və buna görə də qlobal atəşkəsin elan olunması barədə qərara gəlinib və belə təşəbbüs irəli sürülüb.
Bütün dünya üçün aktual olan bu təşəbbüsə 127 dövlətin, 1100-dən artıq beynəlxalq, qeyri-hökumət təşkilatının, tanınmış şəxslərin, dini liderlərin qoşulması onun əhəmiyyətinin göstəricisidir. COP29 nümayiş etdirdi ki, rəsmi Bakı beynəlxalq miqyasda özünəməxsus siyasət aparır, qlobal oyunçu kimi özünü təsdiq edir.
Rəmziyyə Nəcəfova;
Neftçala rayonu, ictimai fəal

Admin
















