
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.
Ramazan ayı insanların qəlbini və düşüncəsini nurlandıran, onları birlik, mənəvi saflıq və əxlaqi dəyərlərə dəvət edən mübarək aydır. Bütün İslam aləmi, o cümlədən Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edən bu müqəddəs bayram Türk Dövlətləri Təşkilatının əsas prinsiplərindən olan birlik, sülh və qardaşlıq dəyərlərini təşviq edir.
Bu əlamətdar bayram münasibətilə Zati-alinizə və dost, qardaş Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və rifah diləyirəm".
15:39
Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Qoy bu bayram hər bir müsəlman ailəsinə sevinc, sülh və xoşbəxtlik gətirsin, insanların qəlbini xeyirxah işlərin görülməsi üçün birlik və həmrəyliyi gücləndirmək, müqəddəs ayda qazanılan savabları qoruyub saxlamaq arzusu ilə doldursun! Ulu Tanrı bütün dualarımızı, oruclarımızı, xeyirxah əməllərimizi qəbul etsin, insanlar arasında qardaşlıq əlaqələrini möhkəmləndirsin!
Ölkələrimizə, xalqlarımıza və bütün ümmətimizə sülh, əmin-amanlıq və Uca Yaradanın sonsuz mərhəmətini arzulayıram".
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Bütün dünya müsəlmanlarının qeyd etdikləri Ramazan bayramı münasibətilə Sizə və dəyərli xalqınıza ən səmimi təbriklərimi çatdırmaq mənim üçün böyük şərəfdir. Allah-Taaladan oruclarımızı, dualarımızı və xeyirxah əməllərimizi qəbul etməsini və İslam ümmətinin daha parlaq və təhlükəsiz gələcəyi üçün səylərimizdə bizə öz xeyir-duasını nəsib etməsini diləyirəm.
Hörmətli cənab Prezident, bu mübarək bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost ölkələrimizin davamlı olaraq inkişaf etməsini arzulayıram.
Bayramınız mübarək!"
Bundan başqa, Tunis Respublikasının Prezidenti Kays Sayid də dövlətimizin başçısına təbrik məktubu göndərib:
"Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına firavanlıq bəxş etməsi üçün Uca Allaha dua edirəm.
Bu fürsətdən istifadə edərək, xalqlarımızın rifahı və mənafeyi naminə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün birgə fəaliyyətimizi davam etdirməkdə qəti qərarlı olduğumu Zati-alinizə bir daha bildirməkdən məmnunam.
Ulu Tanrı bizə və bütün İslam ümmətinə xeyir-bərəkət, firavanlıq nəsib etsin!"