DataLife Engine / Deputat: Azərbaycanın Cənubi Qafqazdakı yeni əməkdaşlıq siyasəti həm ölkəmizə, həm də regiona böyük faydalar verəcək

Deputat: Azərbaycanın Cənubi Qafqazdakı yeni əməkdaşlıq siyasəti həm ölkəmizə, həm də regiona böyük faydalar verəcək


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Prezident İlham Əliyev regionun gələcəyi üçün son dərəcə ciddi məqamlara toxundu. Prezident İlham Əliyev vurğuladı ki, iqtisadi inkişaf üçün sabitlik şərtidir. Qafqazda yeni formatda əməkdaşlıq üçün, ilk növbədə, dövlətlərin sərhədində və daxilində sabitlik olmalıdır. Bu gün regionda yaranan yeni əməkdaşlıqlar dövlətimizin böyük uğurudur. Üçtərəfli əməkdaşlıq formatları regional sabitliyə misilsiz töhfədir.

Bunu PAŞATv-ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov diqqətə çatdırıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi yeni reallıqlar yaratmaqla yanaşı, həm də bu Cənubi Qafqaz regionunun tarixində yeni bir səhifə və imkanlar açdı. Təbii ki, bu imkanlardan yararlanmaq üçün Ermənistanın işğalçı siyasətinə son qoyaraq, beynəlxalq əməkdaşlığa qoşulması vacibdir. Əks halda, bu ölkə bundan sonra da bütün regional layihələrdən kənarda qalacaq.

Deputat vurğulayıb ki, dövlətimiz hər zaman sülhün, təhlükəsizliyin, qarşılıqlı əməkdaşlığın tərəfdarı olub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrində çıxışı zamanı Azərbaycan Prezidentinin səsləndiriyi fikirlər, verdiyi mesajlar bunu bir daha təsdiq etdi.

Vurğulanıb ki, Azərbaycan hər zaman bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququn tərəfdarı olub. Müharibə zamanı çatdığımız hədəflər, əslində, illər boyu aparılmış danışıqlar, ilkin razılaşmalar, 2009-cu ildə razılaşdırılmış baza prinsipləri ilə uzlaşır. Tarixi Qələbəmizlə bitən müharibədən ötən 6 ayda Azərbaycan dövləti göstərdi ki, ölkəmiz ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan tərəfi hər zaman buna mane olmağa çalışıb.

Deputatın sözlərinə görə, Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş yeni qaz kəmərləri Azərbaycan qazını dünya və Avropa bazarlarına çıxarır. Qafqazda Azərbaycanın böyük qaz hasilatçısına çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna uyğun olaraq regionda daha irimiqyaslı layihələri reallaşdırmağa imkan verir. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaq. Bir sözlə, Azərbaycanın Cənubi Qafqazdakı yeni əməkdaşlıq siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalar verir.

“Əgər Ermənistan ötən 30 ildə olduğu kimi, yenə də bütün regional əməkdaşlıqlardan kənarda qalmaq istəmirsə, Azərbaycanla sülh müqaviləsi imzalayıb qarşılıqlı əlaqələri dəyərləndirə bilər. Münaqişə dövründə özünü blokada şəraitində yaşamağa məhkum edən qarşı tərəf inkişafdan, dövrün bütün tələblərindən geri qalıb. Prezident İlham Əliyevin hər zaman çıxışlarında qeyd etdiyi kimi, biz sülhə və regional əməkdaşlığa nail olmaq istəyirik. Bu fürsətdən erməni dövləti və cəmiyyəti istifadə etməlidir”, - deyə deputat fikirlərini yekunlaşdırıb.
22-05-2021, 22:43
Вернуться назад