Monteneqronun bir çox şəhərində pensiyaçıların sayı işçilərin sayını ötüb


Monteneqronun 24 bələdiyyəsindən 16-da pensiyaçıların sayı məşğul əhalinin sayını keçib.

PAŞATv xəbər verir ki, ölkənin 8 bələdiyyəsində işsizlərin sayı məşğul əhalinin sayından çoxdur. Rozaje, Plav və Qusinye şəhərlərində isə sosial yardım alanların sayı işləyənlərin sayını ötüb.

Monteneqronun Statistika İdarəsi “Monstat”ın məlumatına görə, hazırda ölkədə məşğul əhalinin sayı 145 min civarındadır. Ölkənin şimalındakı 13 bələdiyyədə isə məşğul əhalinin sayı cəmi 22 min nəfərdir. Həmin bölgələrdə işsizlərin sayı 25 mindir. Ölkədəki ümumi işsizlərin 47 faizi şimaldakı bələdiyyələrində yaşayır. Bu bölgələrdə 30 min təqaüdçü var, sosial yardım alanların sayı isə 13,8 min nəfərdir.

Paytaxt Podqoritsada hazırda 66,7 min nəfər işləyir. Bu göstərici Monteneqroda işləyən əhalinin ümumi sayının 46 faizinə bərabərdir. 2019-cu ildə paytaxtda məşğulluq göstəricisi 93 min olduğu halda 2020-ci ildə bu göstərici 81 minə enib.

“Monstat”a görə, 2019-cu ilin sentyabrında Monteneqroda məşğul əhalinin sayı 205 min olduğu halda, hazırda bu rəqəm 146 minə geriləyib. Ötən iki il ərzində işsizlərin sayı isə 34 mindən 54 minə yüksəlib. (AZƏRTAC)