Təhsil İnstitutunda vebinar: Müasir elmi-tədqiqat müəssisəsi


Təhsil İnstitutunda “Müasir elmi-tədqiqat müəssisəsi” mövzusunda vebinar keçirilib.

İnstitutdan PAŞATv-a bildirilib ki, tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində təşkil olunub.

Vebinarda spiker qismində Auburn Universitetində dosent kimi fəaliyyət göstərən Rəşad Kərimov çıxış edib. Onun məruzəsi elmi tədqiqatın mahiyyəti, maliyyələşdirilməsi, nəticələri, paylaşılması, təhsilə və cəmiyyətə töhfələri, universitetlərdə elmi tədqiqat prosesinin təşkili mövzularını əhatə edib.

Beynəlxalq təcrübələri əsas götürən Rəşad Kərimov fundamental və tətbiqi elmi araşdırmalar haqqında danışarkən tədqiqatların əsasən akademik müəssisələr, dövlət qurumları və sənaye sektorunda aparıldığını bildirib. Uğurlu tədqiqat aparmağın vacib amilləri sırasında düzgün kadr siyasəti, dövlət tərəfindən texniki təchizatın təminatı, akademik azadlıq və sahibkarlıq mühiti kimi amillər vurğulanıb. Həmçinin sənaye, dövlət və universitetlər arasında əməkdaşlığın elmi tədqiqatların aparılmasında mühüm rol oynadığı qeyd olunub.

R.Kərimov daha sonra universitetlərdə elmi araşdırmaların təşkili prosesi, tədqiqatların tədrisə təsiri, elmin təbliğatında orta məktəb müəllimləri tərəfindən şagirdlərdə elmə maraq oyadılması və elmi təfəkkürün formalaşmasına dəstək verilməsinin əhəmiyyətini qeyd edib.

İki yüzdən çox təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbənin qatıldığı tədbirin sonunda spiker iştirakçıların suallarını cavablandırıb.